Şimal-qərb qapısında şiddətli döyüş| Region geosiyasi qarşıdurmanın pik nöqtəsinə yaxınlaşır

2024/03/1709972640.jpg
Oxunub: 694     19:13     09 Mart 2024    
“Strateji hədəfimiz Süveyş kanalından və Bosfor boğazından yan keçməklə, Xəzər dənizi, Azərbaycan və İran vasitəsilə Hind okeanına çıxmaqdır”. Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Marat Xusnulin deyib.

Ümumiyyətlə, Rusiyanın bu hədəfi yenilik deyil. Nəzərə almaq lazımdır ki, hətta Putin səviyyəsində Sankt-Peterburqdan Mumbaya qədər Şimal-Cənub strateji marşrutunun vacibliyi və onun yaradılması istiqamətində birbaşa səy göstərildiyi açıqlanıb. Rusiya Baş nazirinin müavininin bəyanatında mühüm olan odur ki, söhbət Süveyş və Bosfor boğazından yan keçməkdən gedir və bu, yəqin ki, yaxın illərdə bu istiqamətlərin “keçilməz” olacağı anlamına gəlir.

Yəmən husilərinin Babül-Məndəb boğazını bağlayaraq, Qırmızı dənizdə yaratdığı vəziyyəti nəzərə alsaq, Süveyş kanalı əslində artıq belədir. Lakin hər halda böhran bunun üzərində dayanmayacaq və dərinləşmək meylinə malikdir. Boğazdan yan keçmə halı olduqca diqqətəlayiqdir. Bu bəlkə də o deməkdir ki, Rusiya Baş nazirinin müavini Qara dəniz regionunun böyük çöküşünü və ciddi logistik transformasiyaları elan edir.

Hər halda, Rusiya rəsmisinin çıxışı əslində onu deməyə əsas verir ki, Moskva ən azından hadisələrin bu cür inkişafını nəzərdən keçirir və bəlkə də bu hadisələri stimullaşdırmağa hazırlaşır. Ümumiyyətlə, bu da gözlənilməz deyil, çünki Ukrayna müharibəsinin “paketi” Qara dənizdən yan keçə bilməz və üstəlik, Qara dəniz həm Rusiya, həm də NATO üçün müharibənin əsas tərkib hissəsidir. Burada bir tərəfdən NATO üzvü olan, digər tərəfdən Rusiya ilə müəyyən razılaşma mexanizmi quran Türkiyənin davranışı təbii ki, əsas rol oynayacaq.

Bütün bunlar isə Azərbaycan üçün ən ciddi məsələlərdir, çünki söhbət böyük mənada Qafqaz regionunun Qara dəniz hövzəsi kimi şimal-qərb qapısından gedir. Üstəlik də nəzərə almaq lazımdır ki, bu proseslər qaçılmaz olaraq Gürcüstan məsələsini ön plana çıxaracaq. Bu mənada region nəinki real, praktiki sülhün hər hansı bir rejiminə yaxın deyil, əslində bəlkə də geosiyasi qarşıdurmanın pik nöqtəsinə yaxınlaşır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   Qara-dəniz  


Bizi "telegram"da izləyin